CƏNUBİ AZƏRBAYCANLILI YAZIÇILAR VƏ TƏLƏBƏLƏRİN BƏYANATI
01.10.1999

Cənubi Azərbaycanın və İranın Təbriz, Tehran, Ərdəbil, Urmiya və Zəncam kimi bir çox böyük şəhərlərinin divarlarına yapışdırılmış bir bəyanat, əhalinin diqqətini cəlb etmişdir. Bu Cənubi Azərbaycan yazıçıları və tələbələrinin müştərək mövqeyidir. Bəyanatda Təbriz valisinin qərəzli və anti Azərbaycan əməllərinə, eləcə də doktor Mahmudəli Çehreqaninin seçkilər zamanı pozulmuş hüquqlarına işarə edilmişdir. Cənubi Azərbaycanlıların müsbət rəyi ilə qarşılanmış həmin bəyanatın sonunda 5 tələb irəli sürülmüşdür:
1. Şərqi Azərbaycan valisi Yəhya Məhəmmədzadə təcili bu əhəmiyyətli vəzifədən kənarlaşdırılsın və onun yerinə Azərbaycan xalqının haqlı tələblərinə cavab verə bilən ləyaqətli şəxs təyin edilsin.
2. Ölkənin azərbaycanlılar yaşadığı şəhərlərinin orta məktəblərində Azərbaycan türkcəsi rəsmi və icbari şəkildə, elmi səviyyədə tədris edilsin.
3. Dövlət radio və televiziyasında dilçi mütəxəsislər tərəfindən Azərbaycan türkcəsində verilişlər hazırlansın.
4. Ölkənin ali təhsil ocaqlarında Azərbaycan türkcəsinin dil və ədəbiyyatı fakültəsi yaradılsın.
5. Azərbaycanlı uşaqlar üçün ədəbiyyatın tərtib və nəşr olunması barədə, əlaqədar orqanlara lazimi göstərişlər verilsin.