TƏBRİZDƏ İMZA TOPLAMA KAMPANİYASI BAŞLANDI !
01.12.1999

Noyabr ayının 25-i Azərbaycan-İran arasında imzalanmış müqavilənin təsdiqindən iki saat əvvəl CAMAH-ın Bakıdakı baş qərargahının bağlanması barədə xəbəri cənubda yaşayan soydaşlarımız da hiddətlə qarşıladılar.
CAMAH-ın Təbriz Komitəsindən aldığımız məlumata əsasən artıq 3 gündür ki, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil Və urmiyyə şəhərlərində surəti prezident Heydər Əliyevə də göndəriləcək BMT-yə ünvanlanmış ümumi müraciətə imza toplama kampaniyası başlanmışdır. Bu günə qədər yüzlərlə soydaşımızın qol çəkdiyi müraciətdə deyilir: “Şimali Azərbaycanı yeganə müstəqil dövlətimiz hesab etdiyimiz halda, oraya sığınmış mübariz qardaşlarımızın sıxışdırılması və onların Bakıdakı yeganə qərargahlarının qapadılması dərin təəssüfümüzə səbəb oldu. Bu, beynəlxalq insan hüquqları normalarına zidd bir hərəkətdir. Vətəninin və millətinin azadlığı uğrunda mübarizə apararaq sürgün edilmiş və didərgin düşmüş əzizlərimizin haqlı fəaliyyətlərinə maneiyyət törədənlər, yəqin ki bir gün vahid Azərbaycan xalqının qarşısında cavab verməli olacaqlar”.