«İRANIN ŞƏRƏFSİZ SƏFİRİ
AZƏRBAYCANIN AND İÇMİŞ DÜŞMƏNİDİR»!
10.01.2000

İran regiminin Təbrizdə tətbiq etdiyi föqəladə vəziyyatla əlaqədar, göstərdiyimiz cəhdlərə baxmayaraq, iki gün idi ki, doktor Çehreqanidən heç bir məlumat ala bilməmişdik. CAMAH-ın Təbriz şəhər komitəsi nəhayət ki, bugün səhər saat 6-da bizimlə yaratdığı əlaqədə, doktor Çehreqaninin ağır şəraitdə olaraq dünən günortadan Zəkəriya adına xəstəxanada müalicəyə aparıldığı barədə məlumat vermişdir. Həmin komitənin yardımı ilə, dər hal Doktor Çehreqani ilə Piruz Dilənçi arasında telefon əlaqəsi yaranmışdır. Telefon danışığının mətnini olduğu kimi təqdim edirik:

P.Dilənçi: Doktor, durumunuzun ağır olduğu xəbəri bizi də sarsıtdı. Bu barədə daha ətraflı məlumat almaq istərdik.
Çehreqani: Artıq iki saatdan sonra cərrahiyyə əməliyyatı otağına aparılacağam. Bunun üçün də hər ehtimala qarşı bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Hər şeydən əvvəl qeyd etmək istərdim ki, Bugünkü əməliyyatın xərcini ödəmək üçün, bir neçə dostumun hər birindən 10 min tümən (10 dollar) borc almışam, həyat yoldaşımın sonuncu qızıl üzüyünü 30 min tümənə (30 dollara) satmışam, qalan hissəsini isə kreditlə ödəyəcəyim barədə iltizam vermişəm.

P.Dilənçi: Doktor, Təbrizin son durumu barədə məlumatımız var. Lakin sizin öz dilinizdən də eşitmək pis olmazdı.
Çehreqani: Bir neçə gündür ki, Təbrizin bütün küçələrində xüsusi təlimatlı qvardiya yerləşdirilib. Şəhər çoxsaylı silahlı məmurların və zirehli tankların nəzarəti altında saxlanılır. Son mitinqdə 7000 nəfərdən artıq əhali iştirak edirdi. Məmurların hücumu nəticəsində toqquşma baş vermişdi. Hadisə zamanı 500 nəfərdən çox yaralanmış, 350 nəfər isə həbs edilmişdi. Bir ay əvvəldən başlanmış kütləvi həbslər, hələ də davam edir. Tutulanlara vəhşicəsinə işgəncələr verirlər. Təbrizdə elan olunmamış fövqəladə rejim tətbiq edilib. 100-dən artıq hərəkat fəalı axtarışda olduğu üçün, gizlənməyə məcbur olub. Rejim onların əvəzinə atalarını və başqa ailə üzvlərini həbs edir. Mən hesab edirəm ki, Pişəvəri hərəkatından sonra, ötən yarım əsrdə Cənubi Azərbaycanda belə bir tarixi hadisə baş verməmişdir. Təbrizin durumu gərgin və ağır olaraq davam etməkdədir. Hər an hə hansı bir hadisə baş verə bilər. Hərəkatın gedişatı artıq bizim kontorolumuz imkanından çıxıb. Əhalinin əksəriyyəti bugünkü mübarizənin qeyrət, namus və şərəf davası olduğunu düşünərək hərəkata qoşulublar.

P.Dilənçi: bizə və başqa əqidə yoldaşlarımıza tövsiyəniz varmı?
Çehreqani: Əlinizdən gələni əsirgəməyin. İddiası olan ağalara buyurun ki, bu gün artıq əməl vaxtıdır. Əlindən iş gələnlər buyurub meydana girsinlər. Qorxaqlar və iddialı «boz siçanlar» gizləniblər. Əgər həqiqi boz qurd varsa, buyursun milli mübarizə meydanına!

P.Dilənçi: Doktor, Azərbaycan Prezidenti Heydər Əliyev cənablarına göndərdiyiniz müraciətə iki gün əvvəl Prezident Aparatı tərəfindən kəsgin və mənfi cavab verildi. Biz belə hesab edirik ki, buna İranın Azərbaycana göstərdiyi təziqlər səbəb olmuşdur və bakı rəsmiləri məsələyə tamamiylə diplomatik nöqteyi nəzərindən yanaşmağa məcbur olublar. Lakin AXCP sədrinin müavini millət vəkili Əli Kərimov cənabları deputat olaraq, sizin dəvətinizlə əlaqədar İran səfirliyinə rəsmi müraciət edib.
Çehreqani: Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev cənablarına ünvanladığım müraciətin kobud formada mənfi cavablanması barədə məlumat aldım. O ağsaqqal kişiyə yazıqlar olsun! Yazıq Azərbaycan milləti! Uzun əsirlər boyu həsrətini çəkdiyimiz milli bayrağı qoruyanları qoruya bilməyənlərə yazıqlar olsun! Azərbaycan bayrağını müdafiə edənləri müdafiə etməyənlərə yazıqlar olsun! Azərbaycanı sevənləri sevə bilməyənlərə yazıqlar olsun!..
Əsirlərdən bəri özlədiyimiz milli dövlət bugün vətənimizin şimaldakı kiçik hissəsində qurulubdur. Əgər bu dövlətin başçısı və prezidenti ən pis gündə və ən ağır şəraitdə məzlum Azərbaycan xalqının taptalanmış hüququnu müdafiə edənləri ən azı müdafiə edə bilmirsə, ona yalnız yazıqlar olsun deyə bilərəm!
Bütün dünyada yaşayan Azərbaycanlılara, BMT-yə və Beynəlxalq Əfv Təşkilatına bizim haqlı harayımızı çatdırın. Burada insanları həbs edirlər, işgəncə verirlər, öldürürlər...
Özünü kişi hesab edən hər bir Azərbaycanlının əgər şərəfi, qeyrəti və namusu vardırsa, bizi müdafiə etməlidir. Belə günlər ələ düşməz. Çehreqani həmişə anadan olmaz! Millətin qulu, nökəri və fədaisi olan Çehreqani həmişə ələ düşməz. Biz insanıq. Bir gün anadan olduğumuz kimi, bir gün də öləcəyik.
Mənim qəlbimin ən dərin nöqtələrindən qalxan ən ətirli, ən müqəddəs və ən pak salamları orada olan qeyrətli dostlarımıza, qardaşlarımıza, xüsusiylə Əbülfəz bəyə və İsa bəyə çatdırın, hamısının üzündən öpün. Azərbaycan prezidentinin mənfi cavabı məni üzə bilməz, yalnız yükümü ağırlaşdırdı.

P.Dilənçi: İranın Bakıdakı səfirlii son günlər rəsmi bəyanatla bütün hadisələri təkzib etdi.
Çehreqani: Səfir də təmsil etdiyi dövlət kimin ağ yalan danışır! Onlar 96-cı ildən bugünə qədər mənə işgəncə verərək, ölümcül hala salıblar. Müalicə olunmağıma imkan vermirlər. Belə bir halda, «İranda tibbi xidmətin Azərbaycandan üstün olub-olmadığından» danışmağa dəyməz! Aldığım ağır işgəncələr nəticəsində bugünə düşməyimi təsdiqləyən səndlər və həkim raportları da mövcuddur. Aylarla İranın qaranlıq zindanlarında işıq üzünə həsrət qalmışam. Səfir hansı vətəndaşlıq hüquqlarından dəm vurur! Onlar bugünə qədər müalicəmlə əlaqədar bir addım belə götürməyiblər. Tərsinə, kaftar kimi oturub ölümümü gözləyirlər. Səfir iddia edir ki, guya heç ümumiyyətlə Təbrizdə belə bir hadisə baş verməyib. Mitinqdə sınan qolları və barmaqları səfirin gözünə soxun, qoy kor olsun! Onsuz da o, bu həqiqətləri görə bilmir. Təbrizi zirehli tanklar bürüyüb, Təbriz valisinin müavini xalqa müraciət edib, Tehranın mərkəzi qəzetləri iki gündür bu barədə yazırlar. Yəqin ki, bunları görmək səfirə sərf etmir. Təbrizin zindanları Azərbaycanın qeyrətli oğulları ilə doludur. Xəstəxanalarda yaralı əlindən yer yoxdur. Çağırın beynəlxalq kammissiyalar gəlsin yoxlasın.
İran rejiminin əgər qeyrəti, namusu, insanlığı, rəhmi və insafı olsaydı, müalicəm başına dəysin, məni işdən qovaraq maaşımı kəsməzdi! Mən bilmirəm siz nədən danışırsınız. 96-cı il hadisələrindən sonra işdən qovuldum, iki il çörək puluna möhtac qalmışdım. İran səfiri və onun ağaları mənim ölümümü gözləyir. İran səfirinə bir an belə aman verməyin! O şərəfsiz səfir Azərbaycanın və Azərbaycan millətinin and içmiş düşmənidir.
Mən artıq heç kəsdən qorxmuram. Mənim səsimi və sözlərimi bütün dünyaya çatdırın. Mənim o qədər şərəfim var ki, şərəfsiz düşmənlərimə elan edirəm əgər özlərində bir zərrə cürət hiss edirlərsə, qoy məni dar ağacından assınlar. Təbriz ayağa qalxıb. Əgər qeyrətləri varsa, gəlib Təbrizin bütün küçələrində dar ağaclarını qursunlar. Onda məlum olar ki, kim şərəflidir, kim şərəfsiz! Mən Azərbaycan fədaisiyəm. Azərbaycan yolunda hər an qurban getməyə hazıram!
Bir məsələni də diqqətinizə çatdırım ki, 4-5 gündür rejim məmurları anonim zənglərlə məni və ailə üzvlərimi ölümlə hədələyirlər. Məni ən ağır söyüşlərlə təhqir edirlər. Məlumat almışam ki, Ettelaatın planı olaraq, bir dəstə muzdur və bandit mənim evimə hücum edərək, evimi oda çəkmək, ailə üzvlərimi və özümü öldürməyə hazırlıq görürlər. Hətta istəyirlər belə bir hadisə baş verəndən sonra, şayiə buraxsınlar ki, guya evimə hücum edənlər mitinq zamanı həbs edilmiş gənclərin ata-anası və ailə üzvləridir!