PİRUZ DİLƏNÇİ AMERİKA RƏSMİLƏRİ İLƏ GÖRÜŞDÜ

10.04.2000



CAMAH-ın Bakıdakı təmsilçisi Piruz Dilənçi Azərbaycanda işgüzar səfərdə olan Amerika Dövlət Departamentinin regiyon üzrə məsul məsləhətçisi Con Parkerlə görüşmüşdür. Amerikanın Bakıdakı səfirliyində keçirilən həmin görüşdə, bir ay öncədən Amerika rəsmilərinin təşəbbüsü ilə planlaşdırılmışdır.
Görüş zamanı ıran-Azərbaycan və ıran-Rusiya münasibətləri, Cənubi Azərbaycanda Baş vermiş son hadisələr, CAMAH-ın mövcud təşkilati durumu, rəsmi Bakının cənub məsələsinə münasibəti və Doktor Çehreqani ilə məsələlər müzakirə edilmişdir.
Şimali və Cənubi Azərbaycanda yaşayan əhalinin yaşayış, mədəniyyət və düşüncə tərzlərinin biri-biri ilə uyğunluq dərəcəsi və ıranda yaşayan Azərbaycan türklərinin barəsində bu günə qədər müxtəlif dairələr tərəfindən dərc edilmiş ziddiyyətli statistik məlumatlar da müzakirənin əsas mövzularından olmuşdur.
Cənubi Azərbaycan türkləri milli azadlıqlarını əldə edərlərsə, mövcud üç real variyantın (ıran tərkibində mədəni müxtariyyət, Müstəqil Cənubi Azərbaycan Respublikası, şimali Azərbaycanla birləşmiş vahid Azərbaycan dövləti) hansına üstünlük verəcəkləri də Amerika Dövlət Departamentini maraqlandıran məsələlərdən biri olmuşdur.
Nəhayət, vahid Azərbaycan məsələsinin araya çıxdığı zamanlar Tehran-Moskvanın taktiki dostluğundan söhbət açan Piruz Dilənçi, son vaxtlar rəsmi Bakı tərəfindən cənublulara qarşı göstərilən biganəlik və bəzən də mənfi münasibətləri Tehran rejiminin Azərbaycan rəsmilərinə göstərdiyi təzyiqlərin ciddiləşməsi ilə izah etdi.
Görüşdə Amerikanın Azərbaycandakı səfirliyinin siyasi şöbəsinin rəhbəri xanım şerri Holidey və CAMAH funksioneri Barışmaz Calaloğlu da iştirak edirdilər.