«ÇÖHRƏQANLINI ÖLDÜRMƏK İSTƏYİRLƏR»
10.05.2000

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Mahmudəli Çöhrəqanlının ağır fiziki durumunu nəzərə alaraq Təbrizin Xomeyni adına mərkəzi xəstəxanasının həkimlər komissyası onu iki dəfə müayinə etdikdən sonra, beyin iflici keçirdiyini və mədəsindi qanaxma əmələ gəldiyini əsas tutaraq həbsxana şəraitində yaşamasının qeyri mümkünlüyü barədə rəy vermişdir.
Müxtəlif bəhanələrlə doktorun həbsdən buraxılmasına maneiyyət törədən totalitar rejim, həmin rəyi qəbul etməmiş və bunu daha yüksək instansiyalara tapşırmışdır. Beləliklə Təbriz məhkəməsinin nəzdində fəaliyyət göstərən Qanuni Həkimlər Kollegiyası da doktor Çöhrəqanlını müayinədən keçirərək əvvəlki rəyləri təsdiq etmişdir. Ötən həftə doktor Çöhrəqanlının saxlanıldığı həbsxana rəhbərliyinin işi bir daha Qanuni Həkimlər Kollegiyasına göndərdiyini və doktorun müayinədən keçdiyini, lakin son qərarın verilmədiyini bildirmişdik.
Artıq bu gün səhər doktorun həyat yoldaşı son müayinənin nəticəsini almış və həbsxana rəhbərliyinə təqdim etmişdir.
Xanım Çöhrəqpnlı ilə saxladığımız telefon əlaqəsində o, hər dörd müayinə nəticəsinin doktorun ağır fiziki durumunu təsdiqlədiyini bildirərək, həyat yoldaşının bu günə qədər azadlığa buraxılmamasından təəssüfləndiyini qeyd etmişdir. «İranın Mövcud qanunlarına görə Çöhrəqanlı artıq azadlığa buraxılmalıdır. Əgər onu azad etmirlərsə, belə çıxır ki dolayı yollarla həbsxanada öldürmək istəyirlər» -deyən xanım Çöhrəqanlı son ümidini allaha bağladığını söylədi.