PİRUZ DİLƏNÇİNİN
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİƏ
VERDİYİ AÇIQLAMA
15.01.2000

Ayrı-ayrı rəsmi və qeyri rəsmi dairələr tərəfindən müxtəlif və ziddiyyətli fikirlər və baxışlarla qarşılanmış Doktor Mahmudəli Çehreqaninin Azərbaycan prezidenti Heydər Əliyev cənablarına ünvanladığı məlum müraciət barəsində gəzən söz-söhəbət və şayiələrin hələ bugünün özündə də davam etdiyindən, bəzi qərəzli şəxslər və öz hüquqi varlıqları sual altında olun uydurma «qurumlar» həmin mövzudan istifadə və sui-istifadə edərək, istər doktor Çehreqaninin özünə, istərsə də prezident H.Əliyevə qarşı kampaniyalara başlamışlar. Bəziləri hətta «Çehreqaninin Əbülfəz Elçibəyə deyil, nə üçün məhz Heydər Əliyevə müraciət etdiyini» də özlərinə sərf edən yöndə yozmağa cəhd edirlər!
Həmin müraciət respublika prezidentinin aparatı tərəfindən «müəmmalı məktub» kimi qələmə verdikdən sonra, onun sensasiyası yalnız ölkə daxilində deyil, həm də xarici informasiya vasitələrini və siyasi dairələrini bürümüşdür.
Mövzu ətrafında yaranmış şayiələrə son qoymaq niyyəti ilə bəzi məsələlərə aydınlıq gətirməyi zəruri hesab edirəm.
Doktor Çehreqaninin fiziki durumunun günü-gündən ağırlaşdığı bir zamanda, (99-cu il dekabrın 26-sı) onunla saxladığım nöbəti telefon əlaqəmizdə yaxın sirdaşı və silahdaşı olaraq, doktor belə bir addım atmağı mənimlə məsləhətləşdi. Mən isə, bizim üçün məlum olan bəzi səbəbləri düşünərək, ona razılıq verdim. Həmin axşam müraciətin mətni şəxsən mənim tərəfimdən hazırlanaraq, sonrakı telefon danışığımızda doktora oxundu və mətnin cümlələrinə razılıq verildikdən dər hal sonra, sənəd CAMAH Analitik İnformasiya Mərkəzinin rəhbərinə təqdim olundu. Bir gün sonra (dekabr ayının 27-si) isə həmin mərkəz sözü gedən müraciəti daxili və xarici xəbər servisləri və kütləvi informasiya vasitələrinə yayımladı.
Dekabr ayının 28-i Azərbaycanın dövlət məmurları yayılmış müraciətin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmaq niyyəti ilə məni danışığa dəvət etdilər. Mən, həqiqəti olduğu kimi onlara izah edib, doktorla apardığımız bütün telefon danışıqlarımızın lent yazısının mövcud olduğunu da bəyan etdim. Həmin an aldığım cavab müsbət olmasa da, nisbi razalağıma səbəb ola bildi. Lakin bir-iki gün sonra başq rəsmilər, xüsusiylə prezident aparatının məsul nümayəndələri verdikləri müsahibələrdə mözu ətrafında müxtəlif və ziddiyyətli fikirlər və rəylər söylədilər.
Təbrizdə baş vermiş hadisələrin dalğaları vüsət aldıqca, doktor Çehreqaninin müdafiə kampaniyası Azərbaycanda daha da gücləndi və genişləndi. Respublikada az qala dövlət səviyyəsinə qalxmaqda olan məsələ, Tehran rejiminin hiddət və qəzəbinə səbəb olduğundan, dər hal Azərbaycan hökumətinə ardıcıl notalar verilərək təziqlər göstərildi. İrana səfər ərəfəsində olan prezidentin aparatı nəhayət ki, cari ayın 8-i bəyanatla çıxış etdi. Həmin bəyanat Azərbaycanımızın şimalında müxtəlif dairələr tərəfindən birmənalı qarşılanmadığı kimi, otayda da eyni halla üzləşdi. Prezidentin belə sərt cavabını bəziləri rəsmi Bakının diplomatik addımı kimi, bəziləri isə Azərbaycan dövlətinin cənuba qarşı laqeydliyi kimi qiymətləndirdilər.
O ki qaldı «müraciətin nə üçün Ə.Elçibəyə deyil, məhz H.Əliyevə ünvanlandığı» sualının cavabına, bildirməliyəm ki, müraciətin mətnini müzakirə etdiyimiz zaman da bu məsələ bizi düşündürürdü. Biz H.Əliyevin prezident olduğu faktorunu rəhbər tutaraq ona müraciət etməyi məqsədə uyğun hesab etdik. Bundan başqa heç bir qərəzli və qeyri səmimi mövqe ola da bilməzdi.
Hesab edirəm ki, yuxarıda qeyd etdiyim həqiqətləri açıqlamaqla bir çox qaranlıq məqamlara aydınlıq gtirmiş olaram.