ÇEHREQANİYƏ QARŞI İTTİHAMLAR
19.01.2000

Dünənki məlumatımızda Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Mahmudəli Çehreqaninin çağırış əsasında bugün səhər Təbrizin İslami İnqilab Məhkəməsinə gedəcəyini bildirmişdik.
CAMAH-ın Təbriz komitəsindən verilən son xəbərdə, Doktor Çehreqaninin bugün səhər saat 9-da Təbriz İslami İnqilab Məhkəməsinin 3-cü şöbəsinə getdiyi bildirilir. Həmin məlumata əsasən Doktor Çehreqaninin bugün başlanmış məhkəmə prosesi 3 saata yaxın davam etmiş və prosesin qalan hissəsi qarşıdakı həftənin 4-cü gününə saxlanılmışdır. Məhkəmə zamanı, heç bir jurnalistin və kənar şəxslərin iştirakına qətiyyətlə icazə verilməyib. Məhkəmə gedişatı zamanı, prosesin sonuna qədər doktorun həbs edilməsi barədə də qərar verilmişdir. Lakin, doktorun 20 gün müddətinə həkim nəzarətində olduğu barədə rəsmi tibbi raport nəzərə alınaraq, evinə buraxılmışdır.
Məlumatda bildirilir ki, məhkəmədə doktorun əleyhinə 3 əsas ittiham irəli sürünüb:
1. Xarici ölkələrlə telefon əlaqəsi yaratmaq,
2. Ötən 48 aydan üzü bugünə qədər Təbrizdə davam edən milli mübarizə,
3. Bakıdan guya ki «Piruz Dilənçinin qanunsuz yolla doktora bəzi malların göndərilməsi».
Bunlara aydınlıq gətirmək üçün doktor Çehreqani ilə əlaqə saxladıq. O, verilən məlumatı təsdiqləyərək, qeyd etdi ki, Piruz Dilənçi tərəfindən ona heç bir mal-filan göndərilməyib və bu İran rejiminin böhtan xarakterli ittihamından başqa bir şey deyil. Doktor bunu da əlavə etdi ki, məhkəmə prosesi tam qapalı formada keçirilir və hələ davam edəcək.
3-cü ittihamla bağlı, CAMAH səlahiyyətlisi Piruz Dilənçi bütün deyilənləri təkzib edərək, bunu da İran rejiminin milli hərəkata qarşı nöbəti şantajı kimi qiymətləndirdi.