«ŞƏMSE TƏBRİZ» QƏZETİ QAPADILDI
19.04.2002

Təbrizdə Azərbaycan türkcəsində nəşr olunan «Şəmse Təbriz» (Təbrizin Günəşi) adlı qəzet fars şovinizmini təmsil edən İran rejimi tərəfindən qapadılmışdır.
Bununla bağlı Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Müraciətin mətnini ixtisarla təqdim edirik:

BMT-nin İnsan Haqları Komissiyasına

Cənubi Azərbaycanın Təbriz şəhərində nəşr olunan, BMT-nin bəyannamələri, beynəlxalq hüquq normaları və İran İslam Respublikasının qanunları çərçivəsində fəaliyyət göstərən «Şəmse Təbriz» qəzeti, Təbriz məhkəməsinin 38-ci şöbəsinin ədalətsiz hökmünə əsasən birdəfəlik bağlanmış və fəaliyyətinə son qoyulmuşdur.
Son bir ildə, bir tərəfdən milli haqlarını tələb edən şəxsiyyətlər şiddətlə təqib edilir, bir tərəfdən isə Azərbaycanın milli hərəkatı Müxtəlif metodlarla doğru yoldan sapdırılır.
Yuxarıda adını çəkdiyimiz qəzetin baş redaktoru cənab Əli Hamid İman, əsassız ittihamlarla 7 ay həbs və 70 zərbə şallağa məhkum edilmişdir. 
Bu günkü şəraitdə, Güney Azərbaycanda yazıçı, şair, aydın və xalqın oyanmış təbəqəsinə qarşı yeni təzyiqlərin başlanacağı gözlənilir.
Bu davranış eyni zamanda BMT-nin İnsan Haqları Komissiyasının son günlər Cənubi Azərbaycan türklərinin pozulan haqları barədə yaydığı hesabata etinasızlıq nümayiş etdirmək mahiyyətini də daşımaqdadır.
Cənab Əli Hamid İmanın hüquqlarının pozulmasını önləmək və onun məhkəməsinin ədalətli və açıq formada təkrar keçirilməsini təmin etmək məqsədi ilə, siz tərəfdən ləzimi tədbirlərin görülməsini israrla xahiş edirik.

Hörmətlə:
Böyük Rəsuloğlu
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri.
19.04.2002


Surəti:
Avropa Şurası Parlament Assambleyasına,
Beynəlxalq Əfv Təşkilatına.