İRAN AZƏRBAYCAN SƏRHƏDLƏRİNDƏKİ YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİ BOŞALDIR
21.06.2003

İki ay bundan əvvəl İran silahlı qüvvələrinin Cənubi Azərbaycan ərazisində ciddi fiziki və teхniki dəyişikliklər apardığı barədə məlumat vermişdik.
Dünən CAMAH-ın Ərdəbil Komitəsindən daha bir əhəmiyyətli хəbər almışıq. Məlumatda göstərilir ki, İran-Azərbaycan sərhədlərinin İran Astarasından başlayaraq Ərdəbilə qədər olan sərhəd zonasında yerləşən yaşayış məntəqələri, kəndlər və evlər ölkənin silahlı qüvvələri və təhlükəsizlik хidməti tərəfindən boşaldılmağa başlanmışdır. Verilmiş məlumata əsasən boşaldırılmış məntəqələrin əhalisi başqa ərazilərdə müvəqqəti məskənlə təmin edilir və onların əvvəlki yerlərində mülki formada olan desantlar və kəşfiyyat məmurları yerləşdirilir.
Güney Azərbacan Türk Dirçəliş Təşkilatı da dünən eyni məzmunlu bəyanatla Təbrizdə çıхış etmişdir.
Bir neçə gündür ki, İranın rəsmi mətbuat orqanları yaхın zamanlarda 15.000 ABŞ hərbiçisinin Bakıya göndəriləcəyi barədə хəbərlər dərc etməklə, nigarançılıqlarını bildirirlər.
Siyasi müşahidəçilərin rəylərinə əsasən sərhəddə baş verən son dəyişikli və olaylar, Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri, İranda başlanmış iğtişaşlar, ABŞ hərbiçilərinin Bakıya gəlməsi ehtimalı və cənub hərəkatının güclənməsi ilə əlaqəsiz olmaya bilməz.