YANA-YANA
Hüseyn Ağyarlı

Bir şam olub əriyəydim,
Dost bağında yana-yana.
Sevinc olub yeriyəydim,
Yanağında yana-yana.

Bir dumansız dağ olaydım,
Ya da yaşıl bağ olaydım,
Nə olardı yağ olaydım,
Çırağında yana-yana.

Sarsılmayan el olaydım,
Ya da qızıl gül olaydım,
Bir danışan dil olaydım,
Dodağında yana-yana.

Al qan olub bələnəydim,
İşıq olub ələnəydim,
Vətən deyə, çilənəydim,
Qucağında yana-yana.

Ağyarlıyam, gəldim cana,
Necə qaldım yana-yana...
Bir şam olub çatam sona,
Otağında yana-yana.