HEYDƏR ƏLİYEVƏ BAŞ ƏYƏN CƏNUBLULARI
PİŞƏVƏRİNİN TALEYİ GÖZLƏYİR (!!)

TƏBRİZDƏ NƏŞR OLUNAN "NEDAYE AZƏRABADEQAN" QƏZETİNDƏN
(No:49/3/32 ) EYNİ İLƏ TƏRCÜMƏ EDİLMİŞDİR:

1989-cu ildə Təbriz Universitetində keçirilmiş Türk Dili Seminarında bir çox dilçi və alim müxtəlif yaxın-uzaq ölkələrdən, o cümlədən Türkiyə və o vaxtkı Sovet Azərbaycanından iştirak edirdilər. O tarixdən 11 il keçir. Bu uzun müddət, əslində insan həyatının tarixində bir göz qırpımına bərabər olsa da, hansısa plan və proqramı həyata keçirmək istəyənlər üçün bəlkə də bir ömür qədər uzundur. Dəqiq yadıma gəlir ki, seminarın keçirildiyi ilk gün xaricdən gələn "görkəmli alim və dilçiləri" görməyə səbirsizliklə o otaqdan bu otağa qaçan gənc bir tələbə sankı itirdiyi əzizlərini tapmağa, bununla da öz şöhrətpərəstlik atəşini az da olsa söndürməyə cəhd göstərirdi. Nəhayət Təbriz Universitetinin Kimya Fakultəsinin uzun zalında bu görüş baş tutdu. Haqqında söhbət açdığımız tələbə Sovet Azərbaycanından göndərilmiş "dilçi alim" Mübariz Əlizadə ilə görüşməyə nail oldu! Hansı ki, həmin Mübariz Əlizadənin seminardakı mə'ruzəsi İran konstitusiyasının 15-ci maddəsinin icra olunmaması və Azərbaycan dilinin İranda tədrisi məsələsinə həsr edilmişdi. 
Havalanmış tələbə yeni öyrəndiyi "siyasi terminlər"lə Mübariz Əlizadə ilə danışırdı: "Bu fars şovinistləri hətta uşaqlarımıza ana dilində məktəb açmağa icazə vermirlər. Halbuki, ermənilərə öz dillərində tədrisdən başqa, əlavə imtiyazlar da veriblər". Hələ çox ehtimal ki, bu tələbə Mübariz Əlizadədən "göstərişlər və tapşırıqlar" da almaq istəyirdi! Mübariz Əlizadə isə özünə xas bic bir ifadə ilə cavab verdi: "Hər hansı bir imtiyazı almaq üçün mübarizə aparmaq lazımdır". Bəli! Dilçilikdən əlavə başqa-başqa sahələrin də "ustadı" olan bu müəllim, mənalı sözləri ilə başı sevdalarla dolmuş tələbəni elə bir yola sövq etdi ki, həmin yolun hətta xəyallarda belə sonu olmayacaqdı!
İndi gəlin havalanmış tələbənin keçdiyi yola qısa bir nəzər salaq. Bu dəfə 11 il əvvəlki kimi yox! Tərsinə: qısa, konkret və açıq!
Sözəbaxan tələbə vaxtı öldürmədən "mübarizəsini" iki cəbhədə başladı: Öncə dil və ədəbiyyat sahəsinə girişlə, sonra isə ictimai fəaliyyətlər zəminində. Təhsilini dilçilikdə, yəni həmin Mübariz Əlizadənin ixtisasında davam etdirərək, İran İslami Şura Məclisinin 3-cü dövründə deputat olmaq üçün namizədliyini irəli sürdü və cəmi 3.000 nəfər ona səs verdi. Seçkilərdən üzü qara çıxmış bu namizəd bir neçə fars sözlüyü və lüğət kitabından tez-bazar 4.200 lüğəti toplayıb, ona "Fars dilində türk mənşəli sözlər" adını verməklə elmi müdafiə üçün diplom işi olaraq təqdim etdi. Ya bilə-bilə, ya da bilməməzlikdən bu cəfəngiyyatı öz şah əsəri hesab edən müəllif, ondan çox-çox əvvəl, yəni 30 il öncə həqiqi savadı olan bir tələbənin eyni zəmindəki elmi işindən (6.000 lüğət) xəbərsiz idi! Təəssüf ki, bizim cahtələb və riyakar tələbəmiz bu işə elmi bir iş kimi deyil, siyasi sui-istifadə etmək niyyəti ilə yanaşmışdı.
Bununla da öz işinin həqiqi elmi dəyərini ölçüb-biçmədən, "yaratdığı matahı" götürüb tə'cili "ideal ustadı"nın qulluğuna getdi! İşini bilən ustad isə özünü elə apardı ki, guya bu əsər həqiqətən də elmi qiymətə malikdir və bununla fəxr edilməlidir. Bunun üçün də bu dəlilsiz əsəri yaradan "görkəmli" şəxs, yəni Mahmudəli Çehreqani əllər üstündə göylərə qaldırılaraq sağlığına uralar nisar edildi və əl çalındı! Beləliklə Azərbaycana səfərinin 15-ci günü heç yerdə sayılmayan xüsusi bir elmi müəssisə bu "böyük alimə" fəxri doktorluq adı verdi.
Artıq bugünkü Bakının elm ocaqlarının doktoru və dünənki Təbrizin Kimya Fakultəsinin uzun zalının tələbəsi bütün akademik elmləri mənimsəmiş və xüsusi növdən olan bir dərsi öyrənmək üçün ustad Əbülfəz Elçibəyin dərs sinfində hazır olaraq, öyrəniləsi nə vardırsa öyrəndi və İrana doğru yola düşdü.
Universitetdən kənarda aldığı tə'limatı həyata keçirmək niyyəti ilə ilk addım olaraq, doktorumuz növbəti məclis seçkilərində iştirak etmək üçün iş yerini Tehrandan Təbrizə dəyişərək orada özünə tərəfdarlar dəstəsi topla'mağa başladı. Onun Təbrizdə işlədiyi ilk günlərdə elə bir hadisə baş verdi ki, yerli əhali arasında doktorun məşhurlaşmasına gətirib çıxardı. Baş vermiş hadisə barədə:
Guya "ümumi rə'yi öyrənmək üçün sorğu anketi" yayılaraq, Azərbaycan xalqı təhqir olunmuş və belə göstərilmişdir ki, bu anketlər İran dövləti tərəfindən yayılıb. Əslində anketlərin saxta olaraq əhalini əsəbiləşdirmək niyyəti ilə separatçı qüvvələr tərəfindən məqsədyönlü hazırlandığı sonralar üzə çıxmışdı. Bunu təşkil edən Təbriz Universitetinin bə'zi tələbə və müəllimləri bu bəhanə ilə də guya e'tiraz əlaməti olaraq piket keçirdikləri zaman Şərqi Azərbaycanın o vaxtkı valisi dərhal hadisə yerinə gəlir və öz çıxışında bu anketlərin dövlət tərəfindən yayılmadığını bildirmişdi. 
Hadisədən bir müddət sonra rəsmi dövlət orqanı "Keyhane həvayi" qəzeti nömrələrindən birində haqqında söz açdığımız şəxs, yə'ni doktor Çehreqani barədə açıqlama dərc edərkən onun pantürkizmin İrandakı amillərindən olaraq həmin saxta anketin yayılmasında marağı olduğunu sübut etmişdir. Mətbuatda çıxan həmin açıqlamadan dərhal sonra Təbriz Universitetinin məs'ulları doktoru işdən çıxarmışdılar. O təhriklə bu işdən çıxarmaq yaxşı bir fürsət kimi "Ay millət! Vay millət!" şüarı verənlərin bəhanəsinə çevrildi. Beləliklə Çehreqani növbəti məclis seçkilərində iştirak etmək niyyəti ilə rəngli şəkillərini çap etdirir və təbliğat plakatlarında avantürist şüarlarla çıxış edərək, İran konstitusiyasının 15-ci maddəsi barədə xalqın xoşuna gələ biləcək hay-küy qaldırmağa başladı. 
Ölkənin bir çox başqa şəhərlərində olduğu kimi, Təbrizdəki seçkilər də 2-ci tura saxlanıldı. Sonra isə Çehreqani namə'lum səbəbdən ikinci turda iştirak etmədi. Seçkilər bitdikdən sonra o qəribə bəyanatlarla çıxış edərək guya ikinci turda iştirak etməyinə icazə verilmədiyini bildirdi və sonra:
Çox qəribə və təəccüblüdür ki, bir neçə gün keçmədən xaricdə, yə'ni Bakıda Çehreqaninin hüquqlarını müdafiə edən bir komitənin yaradılması barədə zümzümələr eşidilməyə başlandı.
Seçkilərdə uduzan Çehreqani artıq iş yerinə də gəlmirdi. Amma bu, onun fəaliyyətlərini dayandırmaq mə'nasında deyil idi. O, bütün var-gücünü sərf edərək öz tərəfdarlarını toplayıb və tamamı ilə məxfi bir təşkilatın yaradılmasını planlaşdırıbmış. Tərəfdarlarından təxminən 20 nəfərini təşəbbüs qrupunun üzvləri olaraq seçir, onlarla birlikdə məramnamə hazırlayır. Məramnamədə "Azərbaycan xalqının hüquqları bərpa olunan zamana qədər mübarizə aparacaqları" göstərilir. Daha sonra qapalı bir yığıncaqda doktor bütün üzvlərini son damla qanlarına qədər təşkilata sadiq qalacaqları barədə qur'ana and içdirir. Məramnamədə göstərilən maraqlı cümlələrdən biri də budur: "Azərbaycanda İrandan ayrı milli bir dövlətin yaradılacağı günə qədər mübarizəmizi davam etdirəcəyik və lazım gələrsə, bu yolda canımızı belə qurban verəcəyik..."
Təşəbbüs qrupu və başqa üzvlərin iştirakı ilə təşkil edilmiş daha geniş bir iclasda həmin məramnamə qəbul edilir və qərara alınır ki, Çehreqani bir neçə nəfərlə bərabər qanunsuz yollarla İrandan qaçaraq, Avropa ölkələrinin birində məskunlaşdıqdan sonra təşkilatın varlığını rəsmiyyətlə e'lan etsin. Amma ölkədən qaçmaq planı baş tutmur və Çehreqani həbs edilir.
Bu an bayaq haqqında söz açdığımız Çehreqaninin Hüquqlarını Müdafiə Komitəsi Azərbaycan Respublikasında var-gücü ilə az qala camaatın qulaqlarını kar edə biləcək səslə mətbuatda hay-küyə və təbliğata başlayır. Missiyaları bizim üçün yaxşı mə'lum olan bə'zi xarici radiolar da bunların "təntənəli bəyanatlarını" yaymaqla Çehreqanini müdafiə etmək üçün dünyanı ayağa qaldırmaq istəyirdilər. Müdafiə komitəsinin də kimlərdən ibarət olduğu məlumdur: İrandan qaçan fərarilər, Çehreqaniyə "fəxri doktorluq" verən azərbaycanlılar və Bakının siyasi iflasa uğramış "xadimləri"!
Çehreqaninin İrandan qaçışı uğursuz alındıqdan sonra o, göstərişlərini İrandan qaçan fərari müdafiəçilərinin vasitəsi ilə alır və dağılmış təşkilatını yenidən qurmağa başlamışdı. Lakin bu dəfə Elçibəy özü şəxsən müdafiə komitəsinin sədri olmuş və Çehreqaniyə "yol" göstərirdi! Çehreqani isə ölən günə qədər əhdinə sadiq qalacağını bəyan edirdi. Bundan sonrakı addımı da Bələdiyyə Seçkilərini baykot etməkdən ibarət idi. O, guya ki "səlahiyyətinin rədd olunmasını" bəhanə edərək, seçki günü 12.000 nəfərlik silahlı dəstədən ibarət mitinq təşkil etdiyini bildirirdi. Onun mövcud olmayan 12.000 nəfərlik qaraguruhunun mitinqi barədə hətta "Omide Zəncan" qəzeti də özünə istinadən yazmışdı. Hələ üstəlik Çehreqani həmin müsahibəsində bildirmişdi ki, guya mitinq zamanı 400 nəfər həbs edilib və Təbrizdə fövqəladə vəziyyət tətbiq edilmişdir. Maraqlı burasıdır ki, Çehreqani həmin müsahibəsində tərəfdarlarından maddi yardım aldığı və ya alacağı barədə də söz açmışdı. Onun işlətdiyi ifadələrdən dəqiqliklə mə'lum olurdu ki, yalnız ölkə daxilindən deyil, hətta Amerika, Bakı və sairə ölkələrdən də ona pul göndərilir.
Maddi yardımlar son vaxtlara qədər davam edirdi. Amma sonuncusu çox biabırçı və rüsvay edici səviyyədə oldu. Belə ki, Bakıdan qanunsuz yollarla kosmetik əşyalar göndərilir və onların satışından əldə edilən vəsait seçki zamanı Çehreqaninin təbliğatına xərclənəcəkmiş. Bu dəfə Çehreqaninin maddi və mə'nəvi himayəçilərinin hədiyyə göndərdiyi qaçaq mal İran mə'murları tərəfindən tutulur və məhkəməyə göndərilir. Bu rüsvay edici əməl nəticəsində doktora veriləsi pul o qədər az idi ki, hətta onun günahını bağışlamaq da olardı (!?)
Çehreqaninin bu qanunsuz və gülünc əməli üzə çıxdıqdan sonra onun tərəfdarları olan 20-30 nəfər də gördülər ki, bu onların təsəvvür etdiyi imamzada deyilmiş və oxuduğu mahnılarla gördüyü işlərin arasında yerdən göyə qədər fərq varmış.
Bəli! Gördüyünüz kimi konstitusiyanın 15-ci maddəsi hara, qadın kosmetikası hara?! Məncə bu rüsvayçılığa görə iddia sahibinin millətçi tərəfdarlarına yalnız başsağlığı vermək olar!
Bunun ardınca Arazın o tayında yə'ni Bakıdakıların bizim üçün tanış olan hay-küy növləri yenidən başlandı: "Ay haray! Ay camaat, seçkilərdə iştirakına maneçilik törətmək üçün yenidən doktoru həbs etdilər!" Amma əslində bu, işin aldadıcı və zahiri tərəfi idi. Neçə illərdən bəri yalan yerə hay-küy salmaqda xüsusi iste'dad və məharətə yiyələnmiş "Çehreqaninin Hüquqlarını Müdafiə Komitəsi" bu dəfə çox ehtiyat və qorxu ilə işə başladı. Bu hay-küyün arxasında da başda Əbülfəz Elçibəy və Piruz Dilənçi olmaqla bir çoxlarının işbirliyi nəticəsində Çehreqaniyə Azərbaycan vətəndaşlığı almaq üçün Heydər Əliyevin ünvanına hazırlanmış müraciət gizlənirdi. Həmin məktubun müəllifləri Heydər Əliyevdən Çehreqanini müdafiə etməyi tələb edirdilər. Əbülfəz Elçibəy müdafiə komitəsinin sədri, Piruz Dilənçi isə Elçibəyin becərib-yetirdiyi əlaltısıdır. (!?)
Burada istər-istəməz insan düşünür ki, görəsən bunlar nə üçün belə sür'ətli addım atmalı olublar? Hər kəsin beynində canlanan ilk cavab da bu olur ki, onlar millətçiliyə heç dəxli olmayan ayıb əməllərini ört-basdır etmək məqsədi ilə belə hərəkət etməyə üstünlük veriblər. 
Baş verən bu hadisələr İranımızın tarixində qara hərflərlə yazılmış başqa bir olayı yada salır. Elə tarixi hallar var ki, ikinci dəfə təkrar olan zaman, həqiqətən də çox gülünc olur. Xüsusi ilə ssenari müəllifləri və icraçılarının bacarıqsızlığı bu gülünclüyü məsxərəlik səviyyəsinə gətirib çıxarır. Xalqımızın içində artıq yaşa dolmuş elə şəxslər var ki, həmin tarixin canlı şahidi olmuşlar. O hadisədə Cəfər adlı birisi, başqa Cəfər adlıya arxalanırdı: Cəfər Pişəvəri, Cəfər Bağırova! Sovet Azərbaycanı Kommunist Partiyasının birinci katibi Cəfər Bağırov Azərbaycan xalqına nazil olmuş elə bir bəla idi ki, xalqın yaddaşından və tarixin səhifələrindən heç zaman silinməyəcək. O zaman daha əvvəllərdən pıçıltısı eşidilən elə ifadələr var idi ki, sonralar Cəfər Pişəvərinin fəryadına çevrildi və bu gün heç də xoş ahəngi olmayan həmin cəfəngiyyat Mahmudəli bəyin baş şüarı olmuşdur: "Milli haqsızlıq, Milli ayrı-seçkilik, İkinci dərəcəli etniklər və s."
O dövrün olaylarında mövcud xüsusi əhəmiyyət kəsb edən elə amil və faktorlar var idi ki, hadisənin faciə ilə sonuclanmasına gətirib çıxarmışdı. Həmin amillər bunlardan ibarətdir: Hadisənin baş verəcək günü üzə çıxarılmaq niyyətiylə öncədən Arazın o tayında hazırlanaraq İrana göndərilmiş çoxsaylı insan dəstələri, İranın şimal hissəsinin Sovetin Qızıl Ordusu tərəfindən işğal edilməsi, Azərbaycan Demokrat Firqəsi adı altında milli şüarlarla xalqı aldadan Sovet casusları və s. 
Beləliklə iki cənub və şimal hissəsinə bölünməkdə olan İran torpaqları Rusiya ilə İngilisin hərbi at oynatma meydanına çevrilmişdi. 
Cəfərxan qızıl ordunun gücü ilə Moskvanın göstərişlərini həyata keçirirdi: Ərbab-rəiyyət sisteminin ləğvə, torpaqların xalqa bölüşdürülməsi, milli məktəblərin tə'sisi, ana dilində təhsil, milli varlığın təbliği və s.
Rusiya ilə İngilisin hərbi qüvvələrinin tətbiq etdiyi zoraçılıqlar altında çıxılmaz vəziyyətə düşmüş mərkəzi Tehran hökuməti artıq öz gücünü itirmişdi. Böyük dövlətlərin bacarıqlı oyunçuları və güclü orduları regionda stratecik bir tarixin yaradılmasına səbəb oldu. Bunun nəticəsində də on minlərlə aldadılmış və günahsız insan ya öldürüldü, ya həbsə alındı, ya da ömürlük mühacirətə məcbur oldu...
Şimal neftinin müqaviləsi Moskvada imzalandıqdan bir gün sonra qızıl ordu anarxiya dövrünü yaşamaqda olan İran Azərbaycanından geri çəkilməyə başladı. Bu hərbi gücün zəiflənməsi ilə də millətçilərin xülyalarında tikdiyi "milli imarət" heçə döndü. İranda qalan "inqilabçılar" qanunun qisasından yaxa qurtara bilmədilərsə də, qaçanları sonradan sürgündə və Sovet KQB-si həbsxanalarında çürüdülər. Tərkivətən olan və mühacirət edən "başçı və rəhbərlər"in də acı taleyi hamıya mə'lumdur. 
İslam inqilabının qələbəsindən sonra xaricdən İrana nifrətlə baxan bə'zi qüvvələr ölkəni dağıtmaq məqsədiylə "yeni məhəlli və milli qüvvələri" axtarmağa başladılar. Bu qüvvələr də əlaqədar səfirliklərə müraciət edənlərin arasından seçilməli idi. Nəhayət onların tamahına uyğun olan Mahmudəli bəy adlı birisi seçildi və köhnə ssenarinin saxta variantını çox naşılıqla həyata keçirməyə başladılar. Üstəlik ssenarinin baş artisti də həm savadsız idi, həm də təcrübəsiz! 50 il əvvəlki ssenarini baş rolunu aparan şəxsi onlar özləri becərdib yaxşı yetirmişdilər. Amma bu dəfə heç bir kapital qoymadan və zəhmət çəkmədən, sadəcə Bakıda fəaliyyət göstərən xüsusi bir elmi müəssisəni cırıq kağızında yazılmış "fəxri doktorluq" diplomu ilə artisti ələ aldılar.
Əvvəlki hərəkət Sovet tərəfindən yüksək səviyyəli hərbi, siyasi və maddi himayədə olduğu halda belə faciə ilə sonuclunmışdı. İndiki cılız artist isə yalnız quru bəyanatlarla müdafiə edilir. O da ya hər gün milyonlarla tiracda nəşr olunan qəzetlərin arasında itir-batır və yaxud xarici radioların dalğaları ilə havaya uçur! Əvvəlki ssenarinin müəllifləri bu işin həyata keçirilməsi naminə külli miqdarda həddi-hesabı olmayan büdcə ayırmışdılar. Çünki bunun sonu şimal neftinin müqaviləsi ilə yekunlaşmalı idi və onlar yaxşı bilirdilər ki bu iş üçün ayırdıqları maliyyə vəsaiti nə qədər çox olsa da, neftin gəliri qarşısında sıfır səviyyəsindədir. Amma indiki ssenarinin müüəllifləri, özləri qəpik-quruşa möhtac olaraq bir-iki xarici fonda arxalanıb dilənirlər. Bəli! Bugünkü Çehreqani hərəkatının maddi dayağı o qədər zəifdir ki, xaricdəkilər öz kökü olmayan təşkilatlarının üzvlərindən ianə yığmağa məcburdurlar. Bu ianənin də sonuncusu gördüyünüz kimi rüsvayçılıqla nəticələndi!
Beləliklə İranda, Azərbaycanda və xüsusiylə Təbrizdə anarxiya yaratmaq niyyəti ilə 4 illik e'zamiyyətlə işə başlayan mə'murun fəaliyyətləri heç bir nəticə vermədi. Əslində verə də bilməzdi. Çünki İran Azərbaycanının xalqı hər şeyi bir dəfə sınaqdan keçirir və bundan əvvəlki dəfə qızıl əvəzinə mis çıxmış metalı heç ümumiyyətlə sınamağa layiq bilmədilər. Artıq Təbriz xalqı xaini xadimdən seçməyi bacarır. Buna görə də hansısa yalançı, avantürist, satqın və riyakar birisinin sözlərinə uymaqla öz mənəvi və maddi varlığını əcnəbi qüvvələrin qorxulu atəşinə yandırıb külə çevirməyəcək. 
Dörd illik cəhd və fəaliyyət heç bir nəticə vermədi. Yalnız barmaq sayında olan bə'zi sadəlövh ünsürlər aldanaraq bu işə baş qoşdular. Belə ünsürlərin də hər bir ictimaiyyətdə mövcud olduğu təbii bir haldır. 
Deməli artıq baş artistin ssenari müəllifləri tərəfindən geri çağırılması vaxtı çatmışdır! Amma hansı yol və vasitələrlə? Azərbaycanın dövlət rəisinə (!?) məktub yazmaqla Çehreqaniyə vətəndaşlıq verilməsi və diplomatik müdafiə olunması tələbi ilə! Yəqin ki, indiki nökər, əvvəlki ssenarinin mühacirət etmiş nökərlərinin taleyindən xəbərsizdir. Çünki əgər onların aqibətindən xəbəri olsaydı ən azı başqa bir yol seçərdi!
Tarixin o qara səhifələrinin hər sətrini oxuduqca, insan bu iyrənc siysi oyunun nə olduğunu başa düşür və bir vicdan səsi daxildən bağırır: Təhlükəli və dəhşətli yoldan qayıt! Öz vətəninin isti qucağına dön! Öz xalqınla bir yerdə yaşa! ¨midini Allaha bağla! Allah qanunlarının höküm sürdüyü İranda yaşa! 
EY HEYDƏR ƏLİYEVİN QARŞISINDA DİZ ÇÖKƏN VƏ BAŞ ƏYƏN İRAN AZƏRBAYCANLILARI! HAMINIZI QƏTİYYƏTLƏ ƏMİN EDİRİK Kİ, SİZİN TALEYİNİZ SEYİD CƏFƏR PİŞƏVƏRİNİN AQİBƏTİNDƏN HEÇ DƏ YAXŞI OLMAYACAQ!