AZƏRBAYCAN-İRAN: SAXTA MÜNASİBƏTLƏR!
Bu məqalə 1997-ci il tərixdə «Müxalifət» Qəzetində dərc edilmişdir.


Müəllif: Piruz DİLƏNÇİ

Neçə-neçə on illərdən bugünə qədər milli düşüncəli azərbaycanlıların ən ağrılı yarasına çevrilmiş otay-bu tay məsələsi, Şimali Azərbaycanda başlanan milli azadlıq hərəkatının ilk dalğaları ilə Cənubi Azərbaycan və İran daxilində də hər iki maraqlı və maraqsız qüvvələrin ön planlarına çəkildi. Maraqlı tərəf dedikdə, təbii ki, İranın daxilində yaşayan türkdilli milli-siyasi şəxsiyyətləri və həmçinin azərbaycanlı ziyalıları nəzərdə tuturuq. Maraqsız tərəf termininin isə fars şovinizmi və Tehran hakimiyyəti barəsində işlədirik.
Müasir panislamizmin ifratçı rəhbəri Xomeyninin M. Qorbaçova göndərdiyi məktubundan sonra, SSRİ-ni dağılmaqda görən kiçik İran imperiyüası, təbiətən antiislam 
( sosializm ) əsasları üzərində qurulmuş bir sistemin yox olmasından son dərəcə sevinmiş, bu yöndə əlindən gələni əsirgəməmişdir. Buna görə ki, Tehranın fikrincə SSRİ-nin dağılması, sosializmin məhvi mə^nasında islam dünyasının genişlənməsi deməkdir!
1990-cı ildən sonra, Tehrandakı islam eksportçularının fikrinə belə gəlməyən Cənubi Azərbaycan məsələsi Bakı mitinqlərindən eşidilməyə başlandı. Sanki qəflət yuxusundan ayılan Tehran şovinistləri, əvvəllər əleyhinə çalışdığı sosializm quruluşunun varlığını, Azərbaycan adlı müstəqil bir dövlətin yaranmasından daha sərfəli görüb, əlverişli bir yol tapılana qədər Ayaz Mütəllibov hakimiyətinin davamını məsləhət bildilər. ( O vaxtkı rəsmi Tehranın mətbuat təhlillərinə görə).
Şimali Azərbaycanda ziyalıların həqiqi inqilabçılıq ruhu, xalqın hissiyatından doğulmuş üsyan, Qarabağ və erməni problemi, Türkiyədən su içən türküçülük təbliğatı, SSRİ-nin dağılması və tarixin tələbi kimi başqa əhəmiyyətli səbəblər nəticəsində ilk müstəqil və milli hökumət quruldu. Beləliklə, müasir Azərbaycanın ən sağlam ruhlu, milli düşüncəli lideri Əbülfəz Elçibəy hakimiyyətə gəldi. Elçibəy prezident seçildikdən bir gün əvvəl keçirdiyi mətbuat konfransında açıq-aşkar İran irticası və fars şovinizminin əleyhinə çıxış və təbliğata başlamaqla, Cənubi Azərbaycan və İrandakı hər iki maraqlı və maraqsız qüvvələrin fəaliyyətlərini daha da gücləndirdi. Belə ki, Elçibəyin fars şovinizmi əleyhinə etdiyi çıxışlar, Tehran hakimiyyətini ayıq saldıqdan bir neçə qat artıq Cənubi Azərbaycan türklərini ayıldıb, milli şüura yiyələnmə prosesini sür^ətləndirdi.
Artıq rəsmi Tehran Elçibəy hakimiyyəti davamının gələcəyində İranın parçalanması və Cənubi Azərbaycanın istiqlalı kimi qaçılmaz təhlükələri düşünürdü. Məhz buna görə də Azərbaycanda Elçibəy hakimiyyətinin yıxılmasını planlaşdıran Tehran, Əfşar Süleyümanini (İranın Azərbaycandakı keçmiş müvəqqəti işlər vəkilini) lazımi danışıqları aparmaq üçün Heydər Əliyevlə təkbətək görüşə Naxçıvana göndərdi. (Ə. Süleymani özü bu iddiada bulanmaqdadır.) Görüşlərdə hansı danışıq və fikirlərin mübalidə olunduğu sənədli olaraq bizə aydın deyil. Lakin sonralar baş vermiş hadisələrdən çıxarılan nəticələr bir çox məsələlərin təhlilini sadələşdirir. Belə ki, Ə. Elçibəy kələkiyə «gedir», H.Əliyev isə Bakıya «gəlir»!
Mənimlə üç saatlıq yarımçıq rəsmi-diplomasi görüşündə «İran Xarici İşlər Nazirliyinin siyasi şöbəsində «Heydər Əliyevşünaslıq»(!) kursunu keçdiyimə baxmayaraq, onun tərəfindən bu şəkildə adlanacağımızı hətta təsəvvür belə etməzdim»-deyən Ə.Süleymaninin iddiasına görə «H.Əliyev İran tərəfindən dəstəklənəcəyi halda hakimiyyətə gələrsə, əlaqələrini onların marağı dairəsində quracağına söz vermiş, lakin əməl etməmişdir» (!)...
Beləliklə Azərbaycan Respublikasında anti İrançılıq və anti farsçılıq prosesi, Elçibəy sadəliyi ilə yox, artıq Heydər Əliyev siyasəti ilə daha da ağıllı və ehtiyatlı davam etdirildi. Xəzər nefti məsələsində İranın «oynadılmaması», İran casusları və İslam Partiyasının « başına gələn bəlalar» və sairə bunun kimi faktlar yuxarıdakı iddiamızın canlı sübutudur.
ABŞ, İsrail və başqa qərb dövlətlərinin ayaqları Azərbaycana açıldıqca, Tehran öz planlarının uğursuzluğunu hiss edib, Rusiya və Ermənistanla hərtərəfli əlaqələrini daha da səmimi və genişləndirməyə başladı.
H. Əliyevə məxsus siyasi gedişat və manevrlər nəticəsində ardıcıl zərbələri hiss edən Tehran, özünü itirib, Azərbaycana qarşı münasibətdə «nala-mıxa deyməyə» başladı. Eyni halda «xala xətrin qalmasın»-deyə, Naxçıvan MR-ə etdiyi «humanitar yardımlardan» oyun kartı kimi sui-istifadə edərək bir sıra təzyiqlərini gücləndirməyə başladı. Bu təzyiqlərin nəticəsində isə iki ölkə arasında mövcud olan bütün siyasi, iqtisadi, ticari və mədəni əlaqələr, bərabər hüquqlu tərəflər kimi yox, üstünlük İran tərəfdə olmaq şərti ilə quruldu. 
Tarixi yetkinlik baxımından bugünkü kimi həssas bir zamanda rəsmi Bakının Cənubi Azərbaycan probleminə laqeyid yanaşması, bütün dünyada yaşayan Azərbaycan türklərinin qəzəbinə, nəhayətdə isə uman yerdən küsmələrinə səbəb ola bilər. Necə də ki, olmaqdadır!