10.07.1996
«Zaman» qəzetindən:
Dünən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti Söhrab Tahir və CAMAH lideri Piruz Dilənçi mətbuat konfransı keçirdilər.
Konfransı açan xalq şairi Söhrab Tahir qeyd etdi ki, onları mətbuat konfransı keçirməyə məcbur edən bir neçə səbəb var. Bu səbəblərdən ən başlıcası, Cənubi Azərbaycanın tanınmış mədəniyyət xadimi Doktor Mahmudəli Çehreqaninin həbs edilməsi ilə bağlıdır. İkinci səbəb isə Azərbaycan jurnalistlərinin bu yaxınlarda İrana səfəri ilə bağlıdır. Onların səfər təssüratları barədə mətbuatdakı çıxışlarından belə məlum olur ki, həmin jurnalistlər Doktor Çehreqani ilə görüşə bilməyiblər. Onlar bu görüş üçün bir neçə dəfə müraciət etsələr də, görüşə İran tərəfindən şərait yaradılmayıb.
«Biz Cənubi Azərbaycanla Şimali Azərbaycanın mənəvi birləşməsinin tərəfdarıyıq» -deyən Söhrab Tahir qeyd etdi ki, İran tərəfi Ermənistana etdiyi köməyi Azərbaycan Respublikasının ABŞ və İsraillə etdiyi dostluqla bağlayır. İran-İraq müharibəsində Azərbaycanın İrana kömək etməməsinin əvəzi olaraq, bu gün Ermənistan-Azərbaycan müharibəsində başqa mövqe tutduqlarını qeyd edirlər. «Göründüyü kimi, bunlar çox gülünc və məntiqsiz olmaqla bərabər, diplomatiyadan tamami ilə uzaqdır» -deyə vurğulayan Söhrab Tahir Cənubi Azərbaycana münasibətdə Kütləvi İnformasiya Vasitələri nümayəndələrini biganə mövqe tutmamağa çağırdı.
Daha sonra çıxış edən Piruz Dilənçi Mərkəzin müraciətini oxudu. Müraciətdə qeyd olunur ki, Doktor Çehreqani Təbriz şəhərində 400 min səsdən 270 min səs toplamasına baxmayaraq, nəinki deputat seçilmədi, hətta bu gün taleyi belə naməlumdur. Piruz bəy xüsusi vurğuladı ki, Doktor Çehreqaninin müdafiə mitinqində ən azı 200 min nəfər iştirak edib.
Mətbuat konfransında jurnalistləri məraqlandıran suallara mərkəz nümayəndələri öz mövqelərini açıqladılar.
|