include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
BELƏ HƏYATA NİFRƏT !
|
Abbas Bariz
Nə aya bağlıyam, nə günə bağlı,
Nə yerdən razıyam, nə göydən razı,
Bəxti qara gəlmiş şum bir insanam,
Kainat hamısı düşməndir mənə.
Gözümü zillərəm gecələr aya,
Qoyaram dərdimi ayla ortaya,
Dərdimi saydılar, gəlmədi saya,
Öz saysız dərdim də heyrandır mənə.
Qanadım yox uçam asmanlara,
Yol tapam göydəki kəhkişanlara,
Çatsaydı əlləri söz qananlara,
Deyərdi bəxt evim zindandır mənə.
Nə bahar istərəm, nə çəmən, nə gül,
Nə gül sevdasıyla sevinən bülbül,
Tikana çevrilir gözümdə sünbül,
Bu pislik bilmirəm hardandır mənə.
Xoş günə həsrətəm bu taleyimdən,
Bilmirəm nə gündə yaranmışam mən,
Altmış il dünyada fəlakət çəkən-
Deməzmi bədbəxtlik ünvandır mənə ?!
Gözümün qan yaşı demə Arazdır,
Araz bu qan yaşım yanında azdır,
Yoxsul insan kimi bəxtim nasazdır,
Bu qara bəxtimdə çoxdandır mənə.
Yaltaqlıq etmədim, olmadım mallı,
Öpmədim əl, olam cahlı-calallı,
Dərin fikirlərim, uzun xəyallı,
Fikrim dərinlikdə ümmandır mənə.
Haçan ki, eşqimin yanar ocağı,
Nur ilə doldurar bu bur-bucağı,
Olanda məskənim dağ-daş qucağı,
Hər yer bir rövzeyi rizvandır mənə.
Bariz, həyat yolu çuxurdur, çala,
Bu yolun yolçusu gərək mərd ola,
Min il bundan sonra olan macəra,
Sənə gizlindirsə, əyandır mənə.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|