CAMAH-ın MƏRAMNAMƏSİ

MƏQSƏD VƏ FƏALİYYƏT FORMASI:
CAMAH BMT-nin və digər beynəlxalq təşkilatların milli və vətəndaşlıq hüquqları haqqında qəbul etdiyi normalar əsasında Cənubi Azərbaycan türklərinin milli və şəxsi hüquqlarının gerçəkləşdirilməsi uğrunda mübarizə aparır.
CAMAH beynəlxalq demokratik təşkilatlarla, fars şovinizminin əsarətində olan xalqların, o cümlədən şovinist siyasətin nəticəsində zərər çəkən farsların demokratik qüvvələri ilə, eləcə də Cənubi Azərbaycanda milli azadlıq və demokratiya uğrunda mübarizə aparan mövcud qüvvələrlə qarşılıqlı əlaqədə, lakin təm müstəqil məramnamə, nizamnamə və təşkilati quruluşla Azərbaycanda müstəqil və demokratik dövlətin bərqərar edilməsi uğrunda mübarizə aparır.
CAMAH Cənubi Azəraycan türklərinin milli-siyasi istiqlaliyyətinə nail olmaqla yanaşı Cənubi Azərbaycan vətəndaşlarının şəxsi, iqtisadi, siyasi, söz, mətbuat, hərəkat, əqidə, məşquliyyət, mədəniyyət və s. Azadlığını təmin etməyə qadir olan iqtisadi-siyasi proqram irəli sürüb, bu proqramı gerçəkləşdirmək əzmindədir.
CAMAH öz məramnaməsini gerçəkləşdirmək üçün dinc mübarizə formalarından, yəni öz məramının təbliği, baykot, piket, dinc nümayiş, tətil və parlament mübarizələri formalarından istifadə etməyə üstünlük verir. Lakin mövcud istibdad rejimi bu demokratik mübarizə formalarına imkan verilmədiyi halda CAMAH milli azadlıq uğrunda mürtəce rejimlə silahlı mübarizə aparmaq hüququnu özündə saxlayır.



Mövcud rejim dinc danışıqlar yolu ilə Cənubi Azərbaycan türklərinin milli hüquqlarını tanıdığı halda:
CAMAH-ın SİYASİ MƏRAMI

Cənubi Azərbaycana İran dövləti çərçivəsində Cənubi Azərbaynın bütün tarixi torpaqlarını əhatə edən məkanda Muxtar Respublika statusunun verilməsi.
Cənubi Azərbaycan Muxtar Respublikasının müstəqil anayasasının, himninin və bayrağının təsdiq edilməsi.
Cənubi Azərbaycan Muxtar Respublikasının qanunverici, məhkəmə və icra orqanlarının müstəqilliyi.
Cənubi Azərbaycan Muxtar Respublikasının müstəqil anayasa məhkəməsinin yaradılması.
Cənubi Azərbaycan Muxtar Respublikasında Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi. Fars bölgələrində Azərbaycan türkcəsinin təbliğ və tədris edildiyi həcm və dərəcədə Cənubi Azərbaycan Muxtar Respublikasında fars dilinin təbliğ və tədris edilməsi.
Cənubi Azərbaycan Muxtar Respublikasına bütün dünya dövlətləri ilə müstəqil mədəni, iqtisadi əlaqələr qurmaq hüququnun verilməsi.
Cənubi, Şimali Azərbaycan türklərinə və başqa ölkələrdə yaşayan azərbaycanlılara Cənubi Azərbaycan Muxtar Respublikası və Azərbaycan Respublikası ərazisində ikili vətəndaşlıq hüququnun verilməsi.
Cənubi Azərbaycan Muxtar Respublikasının rəsmi dini islamdır. Lakin din dövlətdən ayrıdır. Dövlət mexanizmi laik və dünyəvi dəyərlər əsasında qurulmalıdır.
Şimali Azərbaycan və Türkiyə Cümhuriyyəti ilə münasibətlər istisna edilməklə xarici siyasət məsələlərinin həll edilməsi səlahiyyətinin mərkəzi dövlətin ixtiyarına verilməsi.
Şimali Azərbaycan və Türkiyə Cümhuriyyəti ilə olan sərhədlər istisna olmaqla Cənubi Azərbaycan Muxtar Respublikasının başqa dövlətlərlə olan sərhədlərinin müdafiəsi mərkəzi dövlətin ixtiyarında olan qoşun növlərinin öhdəsinə tapşırılması.
Pul kəsmək hüququnun mərkəzi dövlətdə olması.



Silahlı mübarizə yolu ilə Cənubi Azərbaycan azəd edildiyi halda:
CAMAH-ın SİYASİ MƏRAMI

Cənubi Azərbaycan Respublikasının elan edilməsi.
Dünyəvi dəyərlər əsasında Cənubi Azərbaycan Respublikasının anayasasının qəbul edilməsi. Anayasada Cənubi Azərbaycan Respublikasının başqa dövlətlərlə öz münasibətlərini BMT-nin nizamnaməsinə yuğun sülh və əməkdaşlıq siyasəti üzərində qurulan neytral və demokratik dövlət statusunun əks etdirilməsi.
Bütün səviyyələrdə mürtəce “din xadimlərinin“ hakimiyyətini ləğv edib, hakimiyyəti müstəqil dünyəvi, demokratik qanunverici, icra və məhkəmə orqanlarına ayırmaq.
Bütün qəbillərdən olan fəlsəfi-dini dünya görüşlərinin tam və bərabər hüquqlu mövcudluğuna təminət verilməsi.
Peşəkar milli müdafiə qoşun növlərini yaratmaq.
Hakimiyyət orqanlarının bütün səviyyələrində seçkilərin ümumi, bərabər, birbaşa və gizli səsvermə yolu ilə keçirilməsinə qadir olan seçki sisteminin yaradılıb, tətbiq edilməsi.
Cənubi Azərbaycan Respublikası vətəndaşı olan bütün milli azlıqlara (fars, kürd və s.) öz dil və mədəniyyətinin müstəqil və maniəsiz inkişaf etdirilməsinə təminat vermək.
Vətəndaşların siyasi və ictimai təşkilatlarının, mətbuat və nəşriyyat vasitələrinin yaratmaq hüququnun gerçəkləşdirilməsinə təminat vermək.
Xarici ölkələrdə yaşayan azərbaycanlılara ikili vətəndaşlıq hüququnun verilməsi.



CAMAH-ın İQTİSADİYYAT SAHƏSİNDƏ MƏRAMI

Cənubi Azərbaycan vətəndaşlarının şəxsi (xüsusi) mülkiyyətinin toxunulmamazlığını elan və təmin etmək.
İmperiya dövlətinin əlində cəmlənmiş milli ədəbi-bədii, tarixi, elmi sənədlərin, əsərlərin və sənət nümunələrinin Cənubi Azərbaycan Respublikasına qaytarılması.
İmperiya dövlətinin əlində cəmlənmiş valyuta, istehal, elmi, hərbi texnika və dövlət mülkiyyətində olan başqa əmlakın dəyərinin imperiya ərazisində yaranacaq milli dövlətlərin əhalisinin sayına görə bölüşdürülüb, milliləşdirilməsi.
Bölüşdürülməsi mümkün olmayan, dövlətin idarə edilməsi üçün zəruri olan mülkiyyətdən başqa, qalan milli mülkiyyətin dəyərinin səhimlər şəklində qanuni yaşa çatmış Cənubi Azərbaycan vətəndaşları arasında bölüşdürülməsini təmin etmək.
Hər bir vətəndaşın azad bazar və azad rəqabət şəraitində azad sahibkarlıqla məşqul olmasına təminat üçün hər il qanuni yaşa çatan vətəndaşlara ictimai mülkiyyətdən qeyd-şərtsiz və əvəzi ödənilmədən şəxsi mülkiyyət payının verilməsini təmin etmək.
Rəqabətdə müflisləşən vətəndaşların yenidən azad sahibkarlıqla məşqul olması üçün ictimai mülkiyyətdən sələmsiz borc verilməsini təmin etmək.
Milli bank yaratmaq.
Milli pul vahidi yaratmaq.
Mütərəqqi vergi sistemi yaradıb, tətbiq etmək.
Çevik və həssas gömrük sistemi yaradıb, tətbiq etmək.
Respublikanın qanuni yaşa çatan bütün vətəndaşlarına mənzil tikmək üçün pulsuz şəxsi torpaq mülkiyyəti payı verilməsini təmin etmək.
Torpaq inhisarını istisna edib, hər il qanuni yaşa çatan vətəndaşlara mənzil tikintisi üçün əvəzi ödənilmədən şəxsi torpaq mülkiyyəti verilməsini təmin edən mütəhərrik torpaq bölgüsü sistemi tətbiq etmək.
İqtisadiyytın bütün sahələrində milli və şəxsi (xüsusi) mülkiyyətin, o cümlədən torpağın vətəndaşlar tərəfindən istehsal məqsədi ilə icra edilməsinə qoyulan maneələrin ləğv edilməsi.
Yiyəsiz uşaqların qanuni yaşa çatanadə saxlanılması, təhsil, tərbiyə və tibb xidmətinə dövlət təminatı verilməsi.
Kimsəsiz, mülkiyyətsiz, əmək qabiliyyəti olmayan qocaların, əlillərin saxlanılması və müalicəsinə dövlət təminatı verilməsi.
Özəl məktəblərlə yanaşı dövlət hesabına icbari orta təhsil sisteminin tətbiq edilməsi.
Özəl ali təhsil və tibb xidməti sistemi ilə yanaşı əhalinin minimum tələbatını ödəyə biləcək miqdarda dövlət vəsaiti hesabına ali təhsil və tibbi xidmət ocaqlarının yaradılması.
Muzdla işləyən uşaqlı analara 8 saatlıq iş günü üçün əmək haqqının təm ödənilməsi şərti ilə 4 saatlıq iş günü hüququnun təmin edilməsi.



CAMAH-ın STRATEGİYASI

CAMAH-ın ali məqsədi müstəqil, vahid və demokratik Azərbaycan dövlətinin yaradılmasıdır. Lakin dünyanın mövcud qlobal siyasi-hərbi durumunu nəzərə alaraq İran dövlətinin sülh yolu ilə Cənubi Azərbaycan türklərinin milli hüquqlarını CAMAH-ın məramnaməsinin ikinci maddəsində nəzərdə tutulan çərçivədə təmin etdiyi halda, CAMAH aşağıdakı strategiyaya əməl edəcək:
CAMAH demokratik seçkilər vasitəsi ilə hakimiyyətə gəldiyi təqdirdə öz iqtisadi-siyasi məramını gerçəkləşdirmək şərti ilə başqa siyasi qüvvələrlə əməkdaşlıq edəcək.
CAMAH başqa siyasi qüvvələrlə koalisiya hökuməti təşkil etdiyi təqdirdə öz iqtisadi-siyasi məramının tam və ya bir hissəsinin gerçəkləşdirilməsi şərti ilə onlarla əməkdaşlıq edəcək.
CAMAH hakimiyyətdə olmadığı təqdirdə öz iqtisadi-siyasi məramının tam və ya bir hissəsinin gerçəkləşdirilməsi şərti ilə hakim qüvvələrlə əməkdaşlıq edəcək.
Digər hallarda CAMAH aktiv müxalifət mövqeyində duracaq.



CAMAH-ın TAKTİKASI

CAMAH hakimiyyətə gəldikdə, demokratik islahatlar aparacaq.
Digər hallarda koalision orqanlardan istefa verərək, parlamentdə demokratik qüvvələrin müxalifət blokunu yaradacaq, mürtəce qərar və qanunların mətbuat və sair vasitələrlə cəmiyyətə aşkarlayacaq, alternativ təklif və layihələr irəli sürəcək, piketlər, mitinqlər və etiraz nümayişləri keçirəcək.