ƏSLİNİ DANDIN !
(Satira)
Xeyrullah Saplaq

Yastı-yapalaq farsca danışmaqda nə gördün?!
Ey Babəkin övladı, neçün əslini dandın?!
Uydun yaramazlar felinə, oldun oyuncaq,
Ancaq nə bilim, bəlkə də Afşindən utandın!

Hərzə su kimi hər yetənin arxına axdın,
Türkün gözünə cəbr ilə yad gözlüyü taxdın,
Şimşək olalı, öz kökünü atəşə yaxdın,
Əfsus ola ki, tarixi sən tərsinə qandın!

Türkün ulusu bir qocaman canlı çinardı,
Ulduz kimi parlaq bu elin keçmişi vardı,
Biz dağ olalı, özgəsi bir məhrə divardı,
Dağdan çevirib üz, niyə divarə dayandın?!

Aç tarixi, bu eldə olan qeyrətə bir bax,
Tomrus anada dalğalanan cürətə bir bax,
Qorqud baba, Səttar atalı millətə bir bax,
Biganələrin töhmətinə yoxsa inandın!

Biganə bizə məkr ilə töhmət daşı atdı,
Bir iddə çaşıb, özlüyünü özgəyə satdı,
Alçaltdı özün, özgələri ərşə ucaltdı,
Söylə görəlim böylə satışda nə qazandın?!

Tarixdə şərafətlə boyanmış izimiz var,
Meydanda bükülməz qolumuz, sərt dizimiz var,
Şöhrətli Bakı, şanlı gözəl Təbrizimiz var,
Axır, a gülüm, sən niyə baxdıqca usandın!