QURTULUŞ ATƏŞİ
Yəhya Şeyda


Qəfəsdə qanadı sınmış bir quşam,
Varlığım dağ-daşa, çölə bağlıdır.
Yaşaram gələcək bahar eşqinə,
Həyatım çəmənə, gülə bağlıdır.

Qəfəsdə olsam da, kəsilməz səsim,
Sönməz bu qəfəsdə eşqim, həvəsim,
Öləndə, deyəcək bu son nəfəsim:
Ürəyim bir şirin dilə bağlıdır.

Qurtuluş atəşi qəlbimdə yanır,
Düşdükcə yadıma, şam tək odlanır,
Ariflər Bu sözü demədən qanır:
Yıxılmaz hər kəs ki, elə bağlıdır.

Şeydayam, torpağa, vətənə vurğun,
Bülbül tək bahara, çəmənə vurğun,
Göllərə, güllərə, gülşənə vurğun,
Ürəyim saz kimi telə bağlıdır.