CAMAH NÜMAYƏNDƏ HEYƏTİ KÜRDÜSTAN LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ
06.06.2004

CAMAH nümayəndə heyətinin Kürdüstan rəhbərləri ilə rəsmi görüşü Kürdüstan Demokrat Partiyasının (KDP) təşəbbüsü ilə Kanadanın Vankover şəhərində keçirildi.
Kürdüstan Demokrat Partiyasının (KDP) Vankoverdeki qərargahında keçirilən bu görüşdə İran və İraq Kürdüstanlarından başqa, KDP Mərkəzi Komitəsinin liderləri də iştirak edirdilər. Bu görüşdə Piruz Dilənçi və Bulut Qarapapaq CAMAH-ı təmsil edirdilər.
Altı saatdan artıq davam edən bu görüşdə Kürdüstan-Cənubi Azərbaycan, KDP-nin CAMAH-la geniş əməkdaşlığı və bir sira başqa məsələlər müzakirə edildi.
KDP lideri Pişəvəri hərəkatı dövründən başlanmış Kürdüstan-Azərbaycan dostluq və əməkdaşlığının bu gün davam etdirilməsi zərurətlərini açıqladıqdan sonra, Piruz Dilənçi bildirdi ki, “Kürdüstan Cənubi Azərbaycanın ən yaxın dostu və qonşusudur. Azərbaycan xalqı isə türk soylu bir millətdir. Kürdüstanla dostluğumuz türklüyümüzdən vaz keçməyimiz mənasında olmadığı kimi, təbii ki, türklüyümüz də kürd xalqı ilə düşmən olmaq anlamında deyil. Totalitar İran rejimi ilə mübarizədə Azərbaycan Kürdüstanın yanında olmalıdır”.
Bundan sonra Bulut Qarapapaq Cənubi Azərbaycan və Kürdüstan xalqlarının müştərək mübarizə tarixindən söz açaraq, Güney Azərbaycan xalqının olduğu dərəcədə Kürdüstan xalqının da haqlı olduğunu bəyan etdi.
Kürdüstan lideri ötən iyirmi ildə kürdlərin Qərbi Azərbaycanda yol verdikləri bəzi səhv hərəkətlərinə etiraf edərək, bu kimi yalnışlıqlara bir daha yol verilməyəcəyini söylədi. Daha sonra o, Cənubi Azərbaycanla Kürdüstanı ekiz qardaşlar kimi hesab etdiklərini və Azərbaycanın müstaqilliyini arzuladıqlarını bildirdi. “Azərbaycan və Kürdüstan xalqlarını üz-üzə qoymaqla düəşmənimizə xidmət etmək istəyənlər var. Biz tam ayıqlıqla gələcəkdə ikinci və daha da böyük bir Qarabağ probleminin Cənubi Azərbaycanda yaranması təhlükəsinin qarşısını indidən almalıyıq”. -deyə, kürd lideri əlavə etdi.
Müzakirənin nəticəsi olaraq, KDP və CAMAH-ın hərtərəfli əməkdaşlıq edəcəyi barədə razılıqlar əldə edildi.
Sonda KDP Vankover bürosu tərəfindən Piruz Dilənçinin Kanadaya gəlişi münasibəti ilə təntənəli ziyafət mərasimi keçirildi.